Skip to main content

Beyinix

post-header
Bloq

Instagram reklamına ayda nə qədər pul xərcləmək lazımdır?

Instagram reklamının sabit qiyməti yoxdur. Siz gündəlik və ya ümumi büdcəni özünüz təyin edirsiniz, Meta isə bu pulu auksion üsulu ilə xərcləyir. Ona görə düzgün sual “reklam neçəyədir?” yox, “bir müştəri mənə neçəyə başa gəlir?” sualıdır.

Büdcəni geriyə doğru hesablayın

Büdcəni təxmini rəqəmlə yox, məqsəddən başlayaraq qurun:

  1. Ayda neçə yeni müştəri lazımdır? Məsələn, 20.
  2. Yazanların neçə faizi alır? Məsələn, 10 nəfərdən 1-i.
  3. Deməli, ayda 200 müraciət lazımdır.
  4. Bir müraciətin qiyməti təxminən 1.5 dollardırsa, reklam büdcəsi ayda 300 dollar olmalıdır.

Bu hesab sadədir, amma sahibkarın əlinə ən vacib rəqəmi verir: reklama xərclənən pulun qarşısında nə alınacaq.

Real rəqəmlər: bir müraciət neçəyə başa gəlir?

Beyinix-in öz reklam hesabında son 30 gündə WhatsApp və Direct-ə gələn bir mesaj orta hesabla 1.49 dollara başa gəlib. Ən yaxşı işləyən kampaniyada bu rəqəm 0.92 dollar, zəif kampaniyada 2.94 dollar olub. Fərqi auditoriya və videonun keyfiyyəti yaradıb, büdcə yox.

Sizdə bu rəqəmlər biznesinizin sahəsinə görə fərqli olacaq. Bahalı xidmətlərdə (daşınmaz əmlak, təhsil, tibb) müraciət daha bahalı, kafedə və gündəlik məhsulda isə daha ucuz olur.

Test mərhələsi: ilk ayı “təhsil” kimi qəbul edin

İlk ay reklamın məqsədi qazanmaq yox, öyrənməkdir. Hansı video işləyir, hansı auditoriya cavab verir, müraciətin real qiyməti nə qədərdir. İkinci ayda büdcə artıq təxminə yox, rəqəmə əsaslanır.

Reklam büdcəsini artırmaq nə vaxt düzgündür?

  • Müraciətin qiyməti 2 həftədir stabildir.
  • Satış komandası gələn mesajlara vaxtında cavab verir.
  • Gələn müştərilərin çoxu həqiqətən sizin auditoriyanızdır.

Bu üç şərt yoxdursa, büdcəni artırmaq sadəcə problemi böyüdür.

Reklamın idarəsi üçün Beyinix-in Meta Ads xidməti aylıq 1 000 ₼-dir. Reklam büdcəsi buna daxil deyil və birbaşa Meta-ya ödənilir.

Büdcəni hansı hissələrə bölmək lazımdır?

Reklam büdcəsi yalnız Meta-ya ödənən pul deyil. Reklamın işləməsi üçün üç şey lazımdır: platformaya ödənən pul, reklamın videosu və ya dizaynı, bir də hər gün baxıb nəticəni düzəldən mütəxəssis. Çoxları yalnız birinci hissəni hesablayır, sonra reklam zəif işləyəndə “Instagram bizə yaramır” deyir. Əslində problem çox vaxt ikinci hissədədir. Zəif kadr, anlaşılmayan mətn və ya düzgün seçilməmiş auditoriya yaxşı büdcəni də havaya buraxır.

Reklam nəticəsini hansı rəqəmlərlə ölçmək lazımdır?

  • Müraciətin qiyməti. Reklamdan sizə yazan bir insana nə qədər pul getdi.
  • Müraciətin keyfiyyəti. Yazanların neçəsi həqiqətən almaq niyyətindədir, neçəsi sadəcə maraqlanır.
  • Satışa çevrilmə. Yazanların neçə faizi ödəniş edir.
  • Müştərinin orta dəyəri. Bir müştəri sizə nə qədər qazandırır və yenidən qayıdırmı.

Məsələn, müraciətin qiyməti aşağıdır, amma heç kim almırsa, reklam yanlış insanları gətirir. Müraciət bahadır, amma hər onuncu insan alırsa və müştəri sonra təkrar qayıdırsa, reklam yenə də sərfəli ola bilər. Ona görə tək rəqəmə baxıb qərar vermək olmaz.

Mövsümün təsiri

Reklamın qiyməti il boyu eyni qalmır. Bayram öncəsi və böyük endirim günlərində çox biznes eyni auditoriyaya reklam verir və rəqabət artır. Bu dövrdə eyni müraciət daha baha başa gələ bilər. Ona görə mövsümlük satışı olan bizneslər büdcəni bütün aylara bərabər bölmək əvəzinə, əsas satış dövrünə ehtiyat saxlamalıdır. Sakit aylarda isə test aparmaq və auditoriyanı hazırlamaq ən ucuz yoldur.

Bunu da oxuyun

Sual-cavab

Instagram reklamı necə ödənilir?

Reklam bank kartı ilə ödənilir, hesabın valyutası isə reklam hesabı açılarkən seçilir. Kartın xarici ödənişlərə açıq olması lazımdır.

Gündə 5 dollar kifayətdirmi?

Test üçün kifayətdir. Bu, ayda təxminən 150 dollar edir. Bir müraciət 1.5 dollara başa gəlirsə, ayda 100 ətrafında müraciət deməkdir. Sahədən asılı olaraq bu rəqəm xeyli dəyişə bilər.

Reklamı dayandırsam nə olur?

Yeni müraciət axını da dayanır. Bu barədə ətraflı: Reklamı dayandıranda satış niyə dayanır?