Ekspert köşəsi · Müəllif: Orxan Şahbaz, Beyinix-in təsisçisi və “ZİDD” kitabının müəllifi
Gemini Google-un süni intellekt köməkçisidir. Ona sual verirsiniz, mətn yazdırırsınız, şəkil göstərib izah istəyirsiniz, səsli danışırsınız. Bir il əvvəl Azərbaycanda bu adı çox az adam çəkirdi. Bu gün isə Gemini telefonlarımızda ən sürətlə yayılan AI alətidir. Bu yazıda Gemini-nin nə olduğunu, niyə bu qədər sürətlə böyüdüyünü və ondan necə faydalanmaq olacağını danışıram.
Gemini nədir?
Gemini Google-un yaratdığı süni intellektdir. Onu ayrıca tətbiq kimi, brauzerdə gemini.google.com saytında, Android telefonlarda isə köməkçi kimi istifadə etmək olur. Gemini mətn yazır, sualları cavablandırır, şəkil yaradır, fotoya baxıb nə gördüyünü izah edir, səsli söhbət edir. Google-un öz xidmətləri ilə də işləyir: Gmail, Google Drive, xəritələr, YouTube.
Google avqust ayında açıqladı ki, Gemini tətbiqindən ayda 1 milyarddan çox insan istifadə edir. Şirkətin rəhbəri Sundar Pichai onu Google-un tarixində ən sürətlə böyüyən məhsul adlandırdı.
Azərbaycanda rəqəmlər nə deyir?
StatCounter dünya üzrə milyonlarla saytda ziyarətləri izləyən statistik xidmətdir. O, insanların AI çatbotda cavab alıb oradan saytlara keçidini də ölçür. Azərbaycan üzrə mənzərə belədir:
| AI çatbot | Oktyabr 2025 | Oktyabr 2026 |
|---|---|---|
| ChatGPT | 93,6% | 66,7% |
| Google Gemini | 2,3% | 25,1% |
| Perplexity | 1,5% | 5,1% |
| Claude | 0,2% | 2,7% |
| Microsoft Copilot | 2,4% | 0,5% |
Mənbə: StatCounter Global Stats, Azərbaycan.
Yəni bir ildə Gemini-nin payı təxminən 10 dəfə artıb. ChatGPT hələ də birincidir, amma artıq tək deyil.
Gemini niyə bu qədər sürətlə yayılır?
Mənim fikrimcə, səbəb insan psixologiyasındadır. İnsan yeni vərdiş qurmağı sevmir. Yeni proqram yükləmək, yeni hesab açmaq, yeni interfeys öyrənmək bizə yorucu gəlir. Gemini isə artıq telefonumuzdadır. Azərbaycanda mobil saytlara girişlərin 82 faizdən çoxu Android telefonlardan olur və Gemini o telefonların içindədir.
İkinci səbəb etibardır. Biz illərdir “Google-a bax” deyirik. Gemini də Google-dur. İnsan tanıdığı brendə daha tez güvənir.
Üçüncü səbəb səsdir. Google-un açıqladığı rəqəmlərə görə, istifadəçilərin 63 faizi Gemini ilə birbaşa danışır. Yazmaqdansa danışmaq insana daha təbii gəlir. Xüsusilə yaşlı nəsil üçün bu, süni intellektə ən rahat qapıdır.
Gündəlik həyatda Gemini-dən necə istifadə etmək olar?
- Tələbələr üçün: çətin mövzunu sadə dillə izah etdirmək, mühazirə qeydlərindən xülasə çıxarmaq, imtahana sual-cavab hazırlamaq.
- Valideynlər üçün: uşağın dərs tapşırığını başa düşmək, həftəlik yemək menyusu tutmaq, səyahət planı qurmaq.
- İşləyənlər üçün: e-poçta cavab qaralaması yazmaq, uzun sənədin əsas fikirlərini çıxarmaq, cədvəldəki rəqəmləri izah etdirmək.
- Hər kəs üçün: kameranı əşyaya tutub “bu nədir” soruşmaq, xarici dildə menyunu tərcümə etmək, səslə xatırlatma qurmaq.
Bir məsləhət: Gemini-yə nə qədər konkret yazsanız, cavab bir o qədər faydalı olur. “Mənə pəhriz yaz” əvəzinə “35 yaşım var, ofisdə işləyirəm, həftədə 3 dəfə idmana gedirəm, sağlam qidalanma üçün sadə menyu təklif et” yazın.
Diqqət edilməli məqamlar
Gemini də səhv edə bilər. Xüsusilə rəqəm, tarix, tibbi və hüquqi məsələlərdə cavabı başqa mənbədən yoxlayın. Şəxsi məlumatlarınızı, şifrələri, bank kartı nömrələrini heç bir AI alətinə yazmayın. Uşaqlar istifadə edirsə, cavabları birlikdə oxuyun.
Biznes üçün bu nə deməkdir?
İnsanlar artıq “Bakıda yaxşı stomatoloq hansıdır” kimi sualları Gemini-yə verir. Gemini cavab verərkən Google-un məlumatlarına söykənir: saytlara, Google xəritələrdəki profillərə, rəylərə. Yəni Google-da səliqəli görünən biznesin Gemini cavabında çıxmaq şansı daha yüksəkdir. Bu mövzunu SEO və GEO xidməti səhifəmizdə ətraflı izah etmişik.
Tez-tez verilən suallar
Gemini pulsuzdur?
Əsas versiyası pulsuzdur. Daha güclü modellər və əlavə imkanlar üçün aylıq ödənişli abunəlik var.
Gemini Azərbaycan dilini başa düşür?
Bəli, Azərbaycan dilində yazılan sualları başa düşür və cavab verir. Amma mürəkkəb mövzularda bəzən dili qeyri-təbii olur, ona görə vacib mətnləri özünüz bir dəfə də oxuyun.
Gemini ChatGPT-dən yaxşıdır?
Hər birinin güclü tərəfi var. Gemini Google xidmətləri ilə daha yaxşı işləyir və Android-də hazır gəlir. ChatGPT isə daha geniş yayılıb və bir çox iş üçün hələ də ilk seçimdir. Ən yaxşısı eyni sualı hər ikisinə verib müqayisə etməkdir.
Gemini-dən istifadə üçün nə lazımdır?
Google hesabı kifayətdir. Android telefonda adətən artıq quraşdırılmış olur, iPhone-da isə App Store-dan yüklənir.

