Skip to main content

Beyinix

post-header

Bu mənzərə çox tanışdır.

Sahibkar reklama pul ayırır. İki həftə mesajlar gəlir, zənglər gəlir, satış olur. Sonra deyir: “Yaxşı, bu ay bəsdir, bir az dayanaq.” Reklam dayanır. Üç gün sonra mesajlar da dayanır.

Və nəticə çıxarılır: “Görürsən, reklam olmasa heç kim almır.”

Əslində problem reklamda deyil. Problem ondadır ki, reklamdan başqa heç nə yoxdur.

Kran və quyu

Reklam krana bənzəyir. Açırsan, su gəlir. Bağlayırsan, kəsilir. Bu normaldır, kran elə bunun üçündür.

Amma bəzi bizneslərin həm də quyusu var. Kran bağlı olanda belə insanlar onları xatırlayır, tövsiyə edir, axtarıb tapır. Bu quyu bir gündə qazılmır. Aylarla verilən dəyərli kontentdən, düzgün xidmətdən, müştərinin yadında qalan təcrübədən yaranır.

Yalnız krana güvənən biznes hər ay sıfırdan başlayır. Hər ay eyni pulu xərcləyib eyni insanlara özünü yenidən tanıdır.

İnsan niyə unudur?

Çünki sən onun həyatında yoxsan.

Müştəri bu gün səndən almağa hazır olmaya bilər. Kirayədədir, hələ mətbəx almır. Toyuna altı ay var, hələ restoran baxmır. Biznesi yeni açılıb, hələ agentlik axtarmır. Amma o gün gələcək. Sual budur: o gün gələndə ağlına kim gələcək?

Reklam dayananda, səhifə də susanda, cavab sən olmursan. O, son gördüyü, son oxuduğu, son yadında qalan brendə yazır.

Davamlı marketinq nə deməkdir?

Hər gün reklam vermək demək deyil. Hər gün insanın gözü qarşısında, faydalı və tanış qalmaq deməkdir.

  • Reklam dayananda da səhifən danışmağa davam edir.
  • Satış etmədiyin günlərdə də insanlara nəsə öyrədirsən.
  • Köhnə müştəri səni unutmasın deyə onunla əlaqəni saxlayırsan.
  • Ad, rəng, ton, dil hər yerdə eyni qalır ki, insan səni tanısın.

Bunlar bir ayda nəticə vermir. Amma altıncı ayda reklamı dayandıranda görürsən ki, mesajlar artıq tam kəsilmir.

Və o vaxt reklam xərc olmaqdan çıxır, sürətləndiriciyə çevrilir.

Davamlı marketinqin gündəlik görünüşü

Bunu böyük ideya kimi düşünmək lazım deyil. Kiçik bir mebel mağazasını götürək. Reklam işləyəndə mağazaya ayda yüz müraciət gəlir. Reklamı dayandıranda isə müraciətlər birdən on-on beşə düşür. Mağazanın səhifəsində isə iki aydır heç nə paylaşılmayıb, son mesajlara üç gün sonra cavab verilib. Bu halda reklamın dayanması problemi yaratmayıb, yalnız onu üzə çıxarıb.

Eyni mağaza hər həftə ustanın işini göstərən kiçik video paylaşsaydı, müştəri suallarına qısa cavab verən post yazsaydı və köhnə müştərilərə ara-sıra mesaj göndərsəydi, reklam dayananda da müraciət tam kəsilməzdi. Çünki insanlar mağazanı artıq tanıyardı və ehtiyac yaranan gün ilk onu xatırlayardı.

Reklam və kontent bir-birini necə gücləndirir?

Bunlar bir-birinin rəqibi deyil. Reklam yeni insana çatır. Kontent isə o insanın sizi yoxlamaq üçün baxdığı yerdir. Reklamdan sonra səhifəyə giriş edən adam orada canlı paylaşım, real iş və müştəri rəyi görürsə, mesaj yazma ehtimalı artır. Boş və ya köhnə səhifə görürsə, reklama xərclənən pul itir. Yəni kontent reklamın nəticəsini çoxaldır.

Ən sadə ölçü belədir: reklam gedəndə nə qədər müraciət gəlir və reklam dayananda nə qədər müraciət qalır? İkinci rəqəm “quyunun” ölçüsüdür. Hər ay bu rəqəmi yazın. Rəqəm artırsa, düzgün istiqamətdəsiniz.

Hardan başlamaq olar?

  1. Son altı ayda müştəri gətirən üç mövzunu seçin.
  2. Hər mövzu üçün qısa video və ya post hazırlayın.
  3. Köhnə müştərilərin siyahısını çıxarıb ayda bir dəfə onlara faydalı məlumat göndərin.
  4. Profilin təsvirini və əlaqə yolunu yoxlayın ki, reklamdan gələn adam asan yazsın.

Bu dörd addım böyük büdcə tələb etmir, amma reklamı dayandıranda da sizi görünən saxlayır.

Bunu da oxu: Niyə bəzi bizneslər sosial mediada böyüyə bilir, bəziləri isə yox?

Beyinix-də bu işi sizin üçün qururuq: Reklamın idarə edilməsi xidməti.