Marketinq strategiyası sadəcə “reklam planı” deyil.
O, markanın düşüncə tərzidir. Amma təəssüf ki, Azərbaycanda çox brendlər bu düşüncəni reklam, kampaniya təqvimi ilə səhv salır. Şirkətlər daha çox qısamüddətli nəticə axtarırlar. Filan qədər pul xərclədim ən qısa zamanda bunu ikiqat qazanmalıyam…haqlılıq payı varma amma…?
4 əsas faktoru qeyd edək:
1. Strategiya ilə reklamın fərqi qarışır.
Bir çox şirkətlər hələ də düşünür ki, “büdcə ayırdıq, reklam başladıqsa – bu strategiyadır.”
Halbuki, strategiya reklamdan əvvəl cavab verməli olduğun suallardır:
• Biz kimik?
• Kimə danışırıq?
• Rəqibdən nə ilə fərqlənirik?
• Bu bazarda hansı dəyərlə qalmaq istəyirik?
Əgər bu sualların cavabı yoxdursa, istənilən reklam gözəl görünəcək, amma boş səslənəcək.
2. Qısamüddətli düşüncə.
Əksər şirkətlər “sabah satış olsun” düşüncəsi ilə hərəkət edir.
Amma brend kapitalı qısa nəticələrlə yaranmır.
Bugün 1000 nəfərə çatmaq, sabah 10 nəfərin səni xatırlaması ilə ölçülür.
Yəni marketinq yalnız bu ayın kampaniyası deyil, növbəti 12 ayın inamıdır.
3. Analitika və ölçmə vərdişi formalaşmayıb.
Bəzi bizneslər hələ də reklamın nəticəsini “bəyənmələr” və “şərhlər”lə ölçür.
Halbuki strategiyanın təməli ölçülə bilən göstəricilərdir:
ROI, retention, CLV, CTR, conversion rate…
Ölçmədən nəticə yoxdur, nəticə olmadan inkişaf yoxdur.
Məlumat analizinə əsaslanmayan qərarlar sadəcə təxmin marketinqidir.
4. Brend dəyəri ilə ego qarışır.
Bəzən rəhbər brendin özünü yox, özünü brend kimi göstərmək istəyir.
Brendin “mən” yox, “biz” dili olmalıdır.
Yoxsa marka deyil, monoloq yaranır.
Əsl strategiya qurucunun eqosunu deyil, müştərinin ehtiyacını mərkəzə qoyur.
5. Komandalar arasında əlaqə yoxdur.
Marketinq strategiyası sadəcə marketoloqun işi deyil.
Satış, dizayn, sosial media, texniki komanda hamı eyni cümləni başa düşməlidir:
“Biz nəyi, kimə və niyə deyirik?”
Bu sual hamının masasında olanda, brend bir səs kimi danışmağa başlayır.
Əks halda hər şöbə öz hekayəsini danışır.
6. Mədəni kontekst və lokal yanaşma unudulur.
Azərbaycanda işləyən strategiya, Avropadakı ilə eyni deyil.
Bizdə insanların qərarları daha çox emosiya, etibar və şəxsi münasibət üzərində qurulur.
Yəni sən “dəyər” satmaq istəyirsənsə, əvvəl ürəyə toxunmalısan.
Strategiya yalnız brend dili deyil xalqın dili olmalıdır.
Strategiya bir sənəddə yox, düşüncədə yaşayır
Marketinq strategiyası bir dəfə yazılıb rafa qoyulan PDF deyil.
O, hər gün təhlil edilən, yenilənən və tətbiq olunan sistemdir.
Bizdə çətin olan təkcə bazar deyil düşüncə tərzidir.
Amma onu dəyişmək mümkündür.
Hər bir brend, sadəcə kampaniyadan əvvəl “nəyə xidmət edirəm?” sualını versə strategiya artıq başlayıb deməkdir.

